Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Qarabağla bağlı təkliflərlə çıxış edib.

Unikal.org xəbər verir ki, millət vəkili bu barədə "Facebook" hesabında paylaşım edib.

"Dünən siyasi partiyalarla birlikdə Ağdamın dağıntılarını və erməni vandalizmini gözümüzlə gördük və elə buradan ağlıma bir fikir gəldi ki, onu bölüşmək istəyirəm. Birinci təklifim Mədəniyyət Nazirliyinədir. Hollivud qarışıq, dünya film istehsalı nəhənglərinə film çəkilişləri üçün dəvət göndərin. Onlar Qarabağda ermənilərin etdiyi vəhşilik, vandalizm, əşyaların soyqırımı və dağıntıları yaratmaq üçün yüz milyonlarla pul xərcləyirlər.

Təklif verin ki, zombi, qorxu, müharibə, etnik təmizləmə, əşyaların soyqırımı, apokalipsis və digər mövzularda "Oscar" mükafatı alacaq filmlər çəkmək olar. İnanıram ki, film nəhəngləri Azərbaycana axışacaqlar. Bəlkə də növbə də yarandı. Öz film istehsalçılarımız da sakit dayanmasın, sponsor tapıb film çəklişlərinə başlayın. Bundan gözəl təbliğat olarmı? Yüz milyonlar xərcləyəsən, Qarabağda “əşyaların soyqırımı” filminin yaratdığı effekti almaq olmaz", - deyə R.Nurullayev yazıb.

Deputat həmçinin turizm sahəsi ilə bağlı təkliflər verib: "Aparıcı xarici kanallarda “Qarabağa ziyarət”, “zəfər yolu”, “dronların döyüşü” adlı reklam rolikləri yerləşdirin, dünya turistlərini çarter reyslərlə Bakıya dəvət edin. Vallahi və Billahi, unudun pandemiyanı, öhdəsindən gələrik, amma bu tarixi şansı əlimizdən qaçırmayaq".