“Mənim mövqeyimi bütün dünya bilir, Azərbaycan və erməni xalqları da bilirlər. Mən həmişə həyatı əsas götürmüşəm. İlham Heydər oğlu həmişə şahid olub, hələ onun atası Heydər Əliyev ilə görüşlərdə bu barədə söhbət düşəndə mən həmişə sual edirdim: deyin, Qarabağdakı insanlar son hadisələrə, bu hərbi əməliyyatlara qədər daim zülm altında yaşadıqlarına görə xoşbəxtdirlərmi? Orada onlara yaxşıdırmı? Bir də ki, orada sovet dövründə olanların ondabir hissəsi, bəlkə də daha az hissəsi qalıb. Dözülməz həyatdır. Deməli, bu problemi necəsə həll etmək lazımdır. Mən həmişə açıq danışmışam, bəzən tənqid atəşinə məruz qalmışam, amma bu problemi necə həll etməyin lazım olması barədə öz mövqeyimi bildirmişəm. İlham Heydər oğlu tam səmimi və açıq şəkildə dedi ki, biz problemi sülh yolu ilə həll etmək istəyirdik”.
Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Belarus Prezidenti bütün bunların şahidi və tərəfdarı olduğunu vurğulayıb: “Bu gün isə mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam”.
“Yəni, mən həmin suala cavab vermişəm, mən hər iki xalqı təbrik etmişəm. Bu problemin həllində onun çox böyük rolunu qeyd etmək istəyirəm. Dünən İlham Heydər oğlu ilə söhbətdə dediyimiz kimi, indi onun necə hisslər keçirdiyini düz duymuşam. Düşünmək olardı ki, bəli, qələbə qazanılıb, məsələ həll edilib, vəssalam. Amma ertəsi gün yuxudan oyandım və fikirləşdim ki, bu, yalnız ilk addımdır. Sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər, hər halda Livandan kiçik olmayan bu ərazilərdə hələ nə qədər iş görülməlidir! Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. Çox istərdim ki, bu, sülh epopeyası olsun”, deyə Aleksandr Lukaşenko bildirib.