“Türkiyəyə turizmlə bağlı tətbiq edilən qadağaların ikitərəfli əlaqələrə heç bir aidiyyəti yoxdur”.
Unikal.org “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyəyə uçuşların məhdudlaşdırılmasının iki ölkənin əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib.
İki ölkə arasında əlaqələrin pisləşdiyi barədə iddiaları rədd edən D.Peskov bildirib ki, Rusiyanın Türkiyə ilə əlaqələri inkişaf edir. Onun sözlərinə görə, məlum qadağalar iki dövlətin əlaqələrinə soyuqluq gətirməyib: “Bu tamamilə Türkiyədə pisləşən pandemik vəziyyətlə bağlıdır”.
D.Peskov deyib ki, Türkiyə rəhbərliyi Rusiyanın qərarına anlayışla yanaşıb: “Əlbəttə, türk ortaqlarımız öz vətəndaşlarımız üçün narahatlğımızı anlayırlar. Əslində ortaqlıq da budur”.
“Bu qərar Türkiyə ilə Rusiya arasındakı əlaqələrdə soyuqluq yaranır anlamına gəlmirmi” sualına cavabında mətbuat katibi deyib: “Əlbəttə, xeyr”.
D.Peskov Türkiyə-Ukrayna münasibətlərinə dair sualı da cavablandırıb. O bildirib ki, qonşu ölkələrlə əlaqələri necə qurmaq Türkiyənin suveren hüququdur: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasındakı görüşlər ikitərəfli əlaqələr aiddir”.