"Ümummilli lider Heydər Əliyevin “Qarabağ Azərbaycandır” sözlərini Azərbaycan Prezidenti cənab İlham Əliyev vuruşaraq həyata keçirib".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, şair və ozanların dili, sözü və nəğmələri Xocalı və Qarabağın ağrısını sızısını 30 il iki qardaş xalqın ürəyinə daşıyıb:
"Cənab Prezident İlham Əliyevin Qarabağın erməni işğalından azad edilməsi uğrunda apardığı mübarizə, televiziya ekranlarında qətiyyətli çıxışları, ordusuna müraciəti təkcə Azərbaycan xalqının deyil, həm də bizim xalqımızın ürəyinin dərinliklərinə nüfuz etmiş, ürəklərdəki yanğını söndürərək coşqu yaratmışdır. Cənab İlham Əliyevin yumruğu hər qalxıb enəndə yeni bir kənd və qəsəbə azad edilib.Azad edilən hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üç rəngli bayraq və minarələrdən oxunan azanlar, “Allahu Əkbər” nidaları Türkiyədə də göz yaşları içində sevinc və coşquya çevrilib".
Səfir qeyd edib ki, Türkiyə Qarabağın erməni işğalından azad edilməsi üçün qardaşlığın tələb etdiyi şeyi edib:
"Haqlı işində qardaşının yanında dayanaraq hər cür dəstəyi vermiş və bundan sonra da tərəddüd etmədən yanında olmağa və dəstəkləməyə davam edəcək. Bu qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu. Cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan xalqının könül xoşluğu ilə qalib və qürurlu bir cəmiyyət olaraq Novruz tonqalını yandırdıqları torpaqlarına və evlərinə qələbə və bayram sevinci ilə qayıtmaları üçün qardaşınız Türkiyə hər cür dəstəyi verəcək".
"Bir xalqın tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcəkdir. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq", - diplomat bildirib.