Azərbaycan Turizm və Menecment Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini müsbət qiymətləndirmiş, konfransda ölkəmizin və xarici dövlətlərin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb.

Unikal.org xəbər verir ki, ATMU rektoru Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri məhz ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirmişdir. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı haqqında konfrans iştirakçılarına məlumat verib. 

İlham Mədətov həmçinin bildirmişdir ki, qlobal problemə çevrilmiş pandemiya dövründə ali təhsilin təşkilində keyfiyyətin təşkili təcrübəsi, təhsil və təlim bacarıqlarının dəyişən sənayenin tələblərinə uyğunlaşdırılması təhsildə yeni dəyişikliklərə yol açdı. Bu dəyişikliklər özü ilə birlikdə həm fürsətlər, həm də bir sıra məhdudiyyətlər gətirdi. O həmçinin qeyd edib ki, günümüzün ən aktual problemi olan qlobal   koronavirus pandemiyası  dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sənayesi üçün də arzu olunmaz problemlər yaradıb. Dünyanın bir çox ölkələrində qəbul edilmiş sərt karantin qaydaları səbəbindən təhsilin ali məktəblər daxilində tədrisi qeyri-mümkün olub. Yaranmış vəziyyətlə bağlı ali məktəblər  məsafədən təhsilin tətbiqi yolunu seçərək,  təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirməyə başlayıb. 

Həmçinin rektor İlham Mədətov vurğulamışdır ki, Azərbaycan Turizm və Menecment Universiteti qlobal pandemiya dövründə  ali məktəb səviyyəsində tədrisin  məsafədən geniş tətbiqinə karantin dövrünün ilk günlərindən başlayıb. Heç şübhəsiz ki, koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi ATMU üçün də  ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etmişdir. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin əsasını tədris təşkil etdiyindən  karantin müddətində əsas hədəf tədris prosesində davamlılığın təmin edilməsi olub.

Daha sonra  plenar iclasda ATMU-nun Tədris işləri üzrə prorektoru professor Zaur Bağırov “Pandemiya dövründə tədrisin distant şəkildə aparılmasının xüsusiyyətləri” mövzusunda çıxış etmişdir. O, pandemiyanın ənənəvi tədris sistemlərində köklü dəyişikliklər etdiyini və bu məqamda məsafəli tədrisin texnologiyanın təsiri nəticəsində geniş şaxələndiyini vurğulamışdır. 
Plenar iclasda həmçinin Rusiyanın Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiya Turizmi Pandemiya dövründə” mövzu ilə çıxış edib.

Daha sonra Daşkənt Dövlət İqtisad Universitetinin professoru Nazar Hakimov “Pandemiya şəraitində yüksək ixtisaslı kadrların hazırlanmasında ikinci ali təhsilin rolu” məruzəsi ilə çıxış edib. 
Konfrans “Pandemiya dövründə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi: problemlər və yeni yanaşmalar” və “Turizm sənayesində kadr hazırlığı və iqtisadiyyatın turizm təhsilinə təsiri” adlı bölmələrdə işini davam etdirib.