Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə,nazirliyin Baş Cinayət Axtarışı və Baş Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhərində həyata keçirilən birgə tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunan Zamin Hüseynov saxlanılıb. Onun Lənkəran şəhərində yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqram 364 qram olan narkotik vasitə, o cümlədən 1 kiloqram 370 qram heroin, 2 kiloqram 850 qram tiryək, 440 qram həşiş, 1 kiloqram 704 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında biləvasitə istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilib. Həmçinin Zamin Hüseynovun mənzilindən satışı və istifadəsi qəti qadağan edilən ümumi sayı 7035 ədəd olan güclü təsiredici vasitələr “Metadon 40” və “Pregabalin” həbləri aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Zamin Hüseynov narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.
Qeyd edilən faktla bağlıCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb vəZamin Hüseynovistintaqa cəlb olunub.Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.