"Paşinyan yalnız Ermənistan deyil, onun sərhədləri xaricində də etiraz aksiyaları və "Kapitulyant!" şüarları ilə qarşılanıb. Buna bariz nümunə Paşinyanın dünən Fransanın paytaxtı Parisdə çox sayda polisin müşayiəti ilə gəzməsini gətirmək olar. Ermənilər Paşinyanı “Kapitulyant” yazılmış plakatlarla qarşıladılar. Paşinyan hətta erməni icması tərəfindən də rədd edilib".
Unikal.org xəbər verir ki, bu sözləri Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan “Joxovurd” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyan erməni icmasının üzvləri ilə iki formatda görüşməyi təklif etmişdi, lakin o və digərləri bu görüşlərdə iştirak etməkdən imtina etdilər, üstəlik etiraz aksiyalarına da kömək etdilər.
“O, diaspora erməniləri ilə problemi olmadığını, Fransa prezidenti ilə görüşə biləcəyini göstərmək istəyirdi. O, seçkilərdən əvvəl bu vəziyyətdən öz xeyrinə istifadə etmək istəyirdi. Biz Ermənistanda diasporu bölən baş nazir olmağını istəmirik. Ümid edirik ki, Paşinyan yenidən seçilməyəcək”, - deyə Papazyan bildirib.
O qeyd edib ki, Fransa tərəfi Ermənistanın baş nazirinin səfərini oktyabr ayında planlaşdırırdı: “Lakin Paşinyan o qədər israr etdi ki, Makron onu qəbul etmək məcburiyyətində qaldı”.
Xatırladaq ki, Nikol Paşinyan 1-2 iyun tarixlərində Avropa şəhərlərində rəsmi səfərdədir.