Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsü yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy rayon polis şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy rayon prokurorluğuna göndərilib.

Aparılmış araşdırma ilə müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

3 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.