“15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub”.
Unikal.org xəbər verir ki, bu fikirləri YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün partiyanın Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisinin açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.
Tahir Budaqov bildirib ki, Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra baş verən bütün proseslər Azərbaycanın tərəqqisinə, xalqımızın rifahına xidmət etməklə yanaşı, respublikamızın beynəlxalq arenada müstəqil siyasət aparan, öz sözünü deyən dövlət kimi bərqərar olub inkişaf etməsinə şərait yaradıb.
“Ulu Öndər Heydər Əliyev Azərbaycanı xilaskarlıq missiyası ilə milli qurtuluşdan milli tərəqqi səviyyəsinə gətirib çıxardı. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də ölkəmizdə siyasi varisliyin təmin edilməsi oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın daha da güclənməsinə, ötən il tarixi Zəfər qazanmağımıza səbəb oldu. Bu gün Dövlət Rəssamlıq Akademiyası ilə birgə keçirdiyimiz sərgi də Milli Qurtuluş Gününə həsr olunub. Düşünürəm ki, gənclərimizin də bu sərgidə iştirakı, zəngin əsərlərlə tanış olması həm onların bədii-estetik zövqünün inkişafına təkan verir, həm də biz burada bu tədbir vasitəsilə Ulu Öndərin xilaskarlıq səlnaməsini yada salır, Azərbaycanın milli qurtuluşunun tariximizdə, dövlətimizin həyatındakı rolunu bir daha gənclərimizin diqqətinə çatdırırıq”,-deyə YAP sədrinin müavini vurğulayıb.