İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Donni van de Bek karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org xəbər verir ki, “İnter” yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir.

Milan təmsilçisi AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən danimarkalı Kristian Eriksenə əvəzləyici axtarır. Ürəyi dayanan hücumameylli yarımmüdafiəçinin karyerası ilə bağlı qeyri-müəyyənlik “İnter”i belə addım atmağa vadar edib.

Donni də italiyalıların əsas hədəfidir. “Mançester Yunayted” onun satışı üçün 30 milyon avro istəyir. Bu rəqəm “İnter”i qane etmədiyindən “neradzurri” 24 yaşlı oyunçunu icarəyə götürməklə kifayətlənməyə üstünlük verir.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm Premyer Liqada 19 oyunda 1 qol vurub və cəmi 4 dəfə start heyətdə yer alıb.