Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə ittiham edib.

Unikal.org xəbər verir ki, A. Qriqoryan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb.

“Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu”, - deyə o qeyd edib

A. Qriqoryanın sözlərinə görə, A. Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini əngəlləyib.

A. Qriqoryan hesab edir ki, sabiq nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb, yalnız Baş nazir əvəzi Nikol Paşinyanın siyasi komandası üçün problemlər yaratmaq məqsədi güdüb: “Bizdə suallar yaranır, necə oldu ki, problem uzun müddət həll olunmurdu, Ara Ayvazyan istefa verən kimi və danışıqlarda iştirakı dayanan anda məsələ həllini tapdı?”

Ermənistan hakimiyyətinin mina xəritələrini əsirlərin qaytarılması qarşılığında təhvil verməyə hazır olub-olmaması barədə suala cavabında A. Qriqoryan istənilən konstruktiv addıma analoji qaydada cavab verməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, A. Ayvazyan mayın 27-də N. Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin de-eskalasiyasına dair planını açıqlayandan sonra xarici işlər naziri vəzifəsindən istefa verib. Onun ardınca isə 3 müavini – Qaqik Qalaçyan, Artak Apitonyan və Armen Gevondyan da istefasını açıqlayıb.

Sonuncunun istefası qəbul olunmayıb.