Böyük Britaniya Müdafiə Nazirliyinə aid məxfi sənəd Kent bölgəsindəki dayanacaqlardan birindən tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə BBC öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, 50 səhifəlik sənəddə “HMS Defender” hərbi gəmisinin Krım sahillərindən keçişinə Rusiyanın mümkün reaksiyası müzakirə edilib.
Sənədlərdə həmçinin ABŞ prezidenti Cozef Bayden administrasiyasının Çinə münasibətdə apardığı siyasət və NATO-nun “Qətiyyətli dəstək” missiyası bitdikdən sonra İngiltərənin Əfqanıstan planları barədə danışıldığı da bildirilir.
Böyük Britaniya Müdafiə Nazirliyi məxfi və əhəmiyyətli məlumatların toplandığı sənədin itirildiyini təsdiq edib.
Qeyd edək ki, iyunun 23-də Britaniyanın “Defender” esminesi Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Rusiyanın ərazi sularını pozub. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi gəminin qarşısını alaraq, atəş açıblar. Bundan sonra esmines geri dönüb.