"Biz Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik, sabitlik, firavanlıq, demokratiya və qanunun aliliyinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqləyir və çoxtərəfli əməkdaşlığı dəstəkləyirik".
Unikal.org xəbər verir ki, bu barədə Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirliklərinin birgə bəyanatında qeyd olunub.
“Biz regionun 6 ölkəsində ictimaiyyət üçün hiss olunan tərəqqiyə nail olunması, tərəfdaş ölkələrin daxili və xarici təzyiqlərə möhkəmliyi üçün islahatlar prosesinə dəstəyimizi davam etdiririk. Biz xüsusilə də qanunun aliliyi, yaxşı idarəetmə və iqlim dəyişikliyi də daxil olmaqla həllini tələb edən məsələlərə dair dayanıqlı islahatların tətbiqinin vacibliyini vurğulayırıq. Cənubi Qafqaza gəldikdə - Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, 2008-ci ildə əldə olunan atəşkəs razılaşmasının tam həyata keçirilməsinə dəstəyimizi vurğulayırıq. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, iki xalqın yaxınlaşması və barışması üçün yeganə yol kimi Ermənistan və Azərbaycan arasında davamlı siyasi həllə ehtiyacın olduğunu vurğulayırıq”, - deyə sənəddə qeyd olunub.