Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

Unikal.org-un məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan 2013-cü ilin dünya çempionuu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raunda fəal təsir bağışlayan Çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.

İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.

Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1. .

Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.