Yüz illik tarixi olan Azərbaycan Parlamenti yarandığı gündən indiyədək dövrün, zamanın tələblərinə uyğun olaraq dəyişib, formalaşıb və inkişaf edib. Hazırda ölkəmizdə təkmil və ahəngdar idarəçilik sistemi mövcuddur, hakimiyyətin bütün qolları qarşılıqlı fəaliyyət göstərir və bir-birinin fəaliyyətini tamamlayır.
Lakin son vaxtlar bəzi mətbuat orqanlarında Konstitutsiyaya dəyişiklik ediləcəyi və parlamentin buraxılacağı ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səslənir ki, bu da ictimaiyyət arasında çaşqınlıq yaradır.
Bu gün Milli Məclis öz fəaliyyətini yüksək səviyyədə qurub. Azərbaycan Parlamenti, istər quruluşu, istər say tərkibi, istərsə də digər xüsusiyyətləri baxımından müasir çağırışlara tam cavab verir. Milli Məclisə seçkilər yüksək rəqabət şəraitində keçirilir. Qanunvericiliyin tələblərinə cavab verən namizədlər mübarizəyə qatılır və onların ən layiqliləri şəffaf səsvermədə qələbə qazanaraq parlamentdə öz seçicilərin təmsil edir. Çoxpartiyalı Azərbaycan parlamentində bu gün ölkənin müxtəlif siyasi spektrini əhatə edən qüvvələr təmsil olunub.
Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ tanıyan Azərbaycan parlamentində gender bərabərliyi təmin olunub. Müstəqil Azərbaycan tarixində ilk dəfə Milli Məclisin sədri vəzifəsinə qadın deputat Sahibə xanım Qafarova seçilib. Bu da ölkəmizdə müxtəlif sahələrdə olduğu kimi parlamentdə də qadınların fəaliyyətinə xüsusi önəm verildiyinin göstəricisidir. Müxtəlif siyasi, iqtisadi və sosial məsələlərin, qanunvericilik aktlarının müzakirə olunduğu Komitələr fəaliyyət göstərir.
Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar dövlət idarəçiliyinin digər sahələri ilə yanaşı, qanunverici orqandan da yan keçməyib. 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilər də bu islahatların bir hissəsidir. Beşinci çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Prezident lham Əliyev bildirmişdi ki, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib ki, ölkəmiz demokratik inkişaf yoluna sadiqdir.
Son seçkilərdən sonra gəncləşən parlament öz fəaliyyətini daha uğurlu, xalqın və cəmiyyətin tələblərinə uyğun şəkildə qurmağı hədəfə alıb və buna nail olmaqdadır. Bu gün Milli Məclis qanunların müzakirəsi və qəbulu ilə yanaşı, ölkədə və dünyada baş verən hadisələrə çevik münasibət bildirən, seçicilərinin maraqlarını qoruyan və onların səsini dövlət orqanlarına çatdıran səmərəli fəaliyyəti ilə seçilir. Milli Məclisinin deputatları ATƏT, BMT, Avropa Şurası, MDB, İƏT kimi beynəlxalq və regional təşilatların parlament assambleyalarında və digər beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir, milli maraqlarımızı, haqlı mövqeyimizi müdafiə edir. Bu baxımdan Vətən Müharibəsi zamanı müxtəlif ölkələrin parlamentləri ilə mövcud olan dostluq qrupları çərçivəsində qurulan əlaqələrin mühüm rol oynadığın qeyd etmək lazımdır. Həqiqətlərin çatdırılmasında, ədalətin bərqərar olunmasında beynəlxalq dəstəyin çox böyük əhəmiyyəti var və Milli Məclis də bunu öz fəaliyyətində əsas götürür.
Parlamentin fəaliyyətinin mühüm istiqamətlərindən biri də vətəndaşlarla işdir. Xüsusilə Vətən Müharibəsindən sonra mütamadi olaraq şəhid ailələri və qazilərlə görüşlərin keçirildiyini, onların problemlərinin həlli istiqamətində xeyli işlər görüldüyünü demək lazımdır.
Eyni zamanda seçicilərin gündəlik qayğıları ilə maraqlanmaq, onların müraciətinə vaxtında reaksiya vermək, problemləri aidiyyəti dövlət qurumları qarşısında qaldırmaq deputatların fəaliyyətinin əsas hissəsidir. Hazırda müraciətlərin qeydə alınması üçün Milli Məclisin inzibati binasında bütün zəruri şərait yaradılıb, qəbul prosesi sadələşdirilib. Hətta Koronavirus COVİD-19 pandemiyası dövründə də vətəndaş qəbulu onlayn formada davam etdirilib, onların problemlərinin həlli istiqamətində fəaliyyət dayandırılmayıb.
Bir sözlə hazırda Azərbaycan parlamentinin fəaliyyəti dövrün və cəmiyyətin tələblərinə uyğun qurulub və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatların ruhuna tam cavab verməkdədir.
Milli Məclisin deputatı Mahir Abbaszadə