"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 12-ci günündə - avqustun 3-də də Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.
Unikal.org xəbər verir ki, yarış günündə 3 güləşçimiz xalça üzərinə çıxacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar. R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.
Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) isə Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.
Üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq. Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.