Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, məsələ barədə parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov məlumat verir.

***

11:00

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, saat 11:00-da keçirilməsi nəzərdə tutulan iclasda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, dünən Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Komissiyanın üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ plenar iclasın gündəliyinə tövsiyə olunub.

Xatırladaq ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

E.Səlimov sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.