Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.

“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.