Yaponiyanın paytaxtı Tokioda 32-ci Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15:00-də başlanan mərasim Milli stadionda təşkil olunub.
Koronavirus pandemiyası səbəbilə 2020-ci ildən 2021-ci ilə təxirə salınan yarışın son tədbiri də boş tribunalar önündə keçirilib. İnfeksiyanın yaratdığı fövqəladə vəziyyət səbəbindən tamaşaçılarsız baş tutan mərasimdə yalnız xüsusi qonaqlar və nümayəndə heyətlərinin bir qismi iştirak edib.
Azərbaycan yığması da tədbirdə boş tribunalar önündən keçib. Yalnız yarışın son günlərində Olimpiya həyəcanı yaşayan təmsilçilərimiz yer alıb. Ölkəmizin üçrəngli bayrağını sərbəst güləş yarışlarında gümüş medal qazanan Hacı Əliyev daşıyıb.
Bədii hissəsi də orijinallığı ilə seçilən bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. Paradda yığmalar tam olmayan heyətlə stadiondan keçərək Tokio-2020 ilə vidalaşıb.
Ardınca Olimpiya Oyunlarının rəsmi himni səsləndirilib. Olimpiya bayrağı endirildikdən sonra növbəti təşkilatçı ölkə - Fransa rəsmisinə təqdim olunub.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax XXXII Tokio-2020 Yay Olimpiya Oyunlarını bağlı elan edib. Bağlanış mərasimi olimpiya məşəlinin söndürülməsi ilə yekunlaşıb.
Növbəti Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə baş tutacaq.
Qeyd edək ki, ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada bu il iyulun 23-dən avqustun 8-dək təşkil edilib. Yarışda 205 ölkəni və qaçqınlar yığmasını təmsil edən 11 mindən çox idmançı 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı 44 idmançı təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 7 medal, o cümlədən 3 gümüş və 4 bürünc medal qazanıblar.