Avqustun 10-da Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Unikal.org-a verilən məlumata görə, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.
Sadıq Sadıqov federasiya tərəfindən cüdo üzrə milli komandamızın Riodan Tokioya qədər dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib.
Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.
Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan qovulub.