"Rusiya sülhməramlı qüvvələri adı altında Azərbaycana soxulduğu ilk dəqiqədən biz bunu işğal adlandırdıq. Rusiyanın burada heç bir sağlam məqsəd güdmədiyini və Yaxın Şərqdə apardığı 300 illik oyunu yeni dövrdə davam etdirmək niyyətində olduğunu bildirdik. Onlar bu məsələdə səmimi deyil. Biz Rusiyanın Qarabağdakı məkrli oyunlarını hələ əvvəldən bəyan etmişik. Təəssüf ki, bizim dediklərimiz nöqtə və vergülünə qədər tamamilə düz çıxdı".
Bu sözləri Unikal.org-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Rusiya sülhməramlılarının Qarabağdakı yarıtmaz və ziddiyyətli fəaliyyəti ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığına münasibət bildirərkən deyib.
Siyasətçi onu da deyib ki, Rusiyanın Qarabağdakı silahlı qüvvələrinin əleyhimizə olan fəaliyyətini neytrallaşdıracaq konkret addımlar atılmalıdır: "Azərbaycan hökuməti də açıq-aşkar görür ki, ruslar 300 il bundan əvvəl bizimlə hansı böyük oyunu oynayıblarsa, bu gün də onu davam etdirirlər. Mənə elə gəlir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu bəyanatı kifayət qədər adekvat, eləcə də yerində verilmiş xəbərdarlıqdır. Düşünürəm ki, Azərbaycan bu məsələyə çox ciddi nəzarət edir və Qarabağdakı Rusiya silahlı qüvvələrinin bizim əleyhimizə zidd olan fəaliyyətini neytrallaşdıracaq konkret addımlar atacaq".
Ağarza Elçinoğlu