Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, iş birliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi”.