İl yarımdan çox idi ki, pandemiya səbəbindən teatrlar fəaliyyətini dayandırmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən artıq teatrlar fəaliyyətini bərpa edir. Bəs görəsən teatrlar uzun zaman ayrılıqdan sonra tamaşaçılarla görüşə hazırdırmı? Teatrlarda hazırlıq işləri necə gedir? 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Unikal.org-un sorğusuna cavab olaraq bildirdi ki, karantinə görə bir çox işlərimizi təxirə salmalı olduq. Bura beynəlxalq və yerli qastrol səfərləri, yeni premyeralar və s. daxildir. Oktyabrın 1-dən etibarən cari repertuarda olan tamaşaların məşqlərinə başlanılacaq. Tamaşaçı qarşısına çıxmağı isə oktyabrın 15-dən etibarən planlaşdırırıq. 

Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə-bazar günləri təqdim olunacaq. Noyabrdan etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizi davam edəcəyik. Biletlərin qiymətinin artırılması ilə bağlı isə, məsələ müzakirə olunmur.

Akademik Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova deyir ki, pandemiya səbəbindən yaranan uzun fasilədən sonra teatr 112-ci mövsümünə böyük həvəs və məsuliyyətlə hazırlaşır. Oktyabr ayının 1-dən sonra  tamaşalar üzərində məşqlərə və  bərpa işlərinə başlanılacaq. Bütün bu proseslərdən sonra nümayişini  nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda  teatrsevərlərə ətraflı məlumatlar veriləcək. 

Qeyd ediək ki, tamaşaçılarımızın teatra girişinə "Covid" pasportla icazə veriləcək, onlardan pandemiya qaydalarına, sanitar-gigeyenik normalara ciddi əməl etmələri, maska taxmaları, tamaşa zalında oturacaqlararası məsafəni gözləmələri tələb olunacaq. 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova sorğumuza cavab olaraq bildirdi ki,  artıq tamaşa planından məşq qrafikinə geniş yaradıcılıq və mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı da tərtib olunub.  Belə ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Kukla Teatrı oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.  İstər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.

Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirdi ki, oktyabrın 15-dən artıq teatrda tamaşalar izləyicilərə təqdim olunacaq. Karantin elan olunmamışdan əvvəl teatrımızda iki tamaşanın məşqi gedirdi. Həmin tamaşaların məşqləri bərpa olunacaq. Hazırda teatrımızın böyük səhnəsində təmir getdiyi üçün bu səhnənin tamaşaları Rəşid Behbudov adına Mahnı Teatrı və Kukla Teatrının səhnəsində tamaşaçıların görüşünə çıxacaq. Pandemiya səbəbilə bütün zallarımız, qrim otaqları, oturacaqlar, həmçinin geyimlər, kostyumlar və s. hər yerdə dezinfeksiya işləri aparılır və davamlı olaraq aparılacaq. 

Könül Oruc