Əməkdar artist Elza Seyidcahan ona zor tətbiq etdiyinə görə həbs edilən iş adamı Rüstəm Kərimzadə barədə danışıb.
Əməkdar artist Unikal.org-a açıqlamasında bildirib ki, R.Kərimzadə dəfələrlə onun anasının üstünə bıçaq çəkib, yaşlı qadına xəsarət yetirib:
"Türkiyənin Elazığ şəhərində konsertdə idim. Mənə dedilər ki, bir nəfər ananızdan Əli bəy Hüseynzadə ünvanında yerləşən mülkün açarını icarəyə götürmək adı ilə alıb. Sonradan məlum oldu ki, Rüstəm Kərimzadə və ətrafındakı insanlar anamı aldadıblar. Anam da oranı kirayə vermək istəyirmiş ki, dolansın. Anam dəfələrlə o yeri girov qoyaraq bankdan pul götürüb, sonra şirniyyat bişirib sataraq, oranı girovdan çıxarıb. Çünki mənim özümün də maddi durumum elə yüksək deyil,hər şeyim kirayədir. Türkiyədən gəldim və Rüstəm Kərimzadə ilə görüşüb bildirdim ki, mülkün açarını versinlər. O isə mənə hücum etdi".
E.Seyidcahan "R.Kərimzadəni bağışlamaq fikriniz varmı' sualına belə cavab verib: "O da bizim ölkənin vətəndaşıdır, düşmən deyil. Amma təəssüf ki, o və ətrafındakılar hətta məhkəmədə də özlərini çox pis apardılar, hakimin üstünə qışqırdılar. Ona görə də hər şey qanunla həllini tapacaq. Amma istəməzdim ki, adım belə məsələlərdə hallansin. Heç bu barədə məlumatı da mən verməmişəm. Onu da bildirim ki, R.Kərimzadə bütün bunları Faiq Azayevin tapşırığı ilə görür. Faiq Azayev hazırda həbsdə olmasına baxmayaraq, həbsxanadan göstərişlər verir".
Qeyd edək ki, Kərimzadə Rüstəm Fuad oğlu Elza Seyidcahanın Nəsimi rayonu 21-ci polis bölməsinə şikayəti əsasında saxlanılıb. O , İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.
Gülayə Mecid