Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Təlim Mərkəzi (RTM) statusunu daşıyan Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu və ÜGT-nin Asiya-Sakit Okean ölkələri üçün RTM statuslarını daşıyan Şanxay Gömrük Kolleci (ŞGK) arasında əməkdaşlıq müqaviləsinin onlayn imzalanma mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Gömrük Akademiyasının rəisi Qulu Novruzov, ŞGK-nın rektoru Konq Yuhao, həmçinin hər iki ali təhsil müəssisəsinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən Gömrük Akademiyasının rəisi Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib, qərargahı Avstraliyada yerləşən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi kimi Akademiyanın fəaliyyətini qeyd edib. Qulu Novruzov əlavə edib ki, Gömrük Akademiyası Azərbaycandan BMT-nin Qlobal Sazişinə üzv olan ilk və yeganə ali təhsil müəssisəsi, eləcə də BMT-nin “Məsuliyyəti İdarəetmə Təhsilinin Prinsipləri” proqramının Azərbaycan üzrə əlaqələndirici qurumudur.
Akademiya rəisi Qulu Novruzov Azərbaycanın Avropa-Asiya nəqliyyat qovşağında yerləşməsinin əhəmiyyətini, qlobal ticarətdə tranzit ölkə kimi xüsusi rolunun müharibədən sonrakı dövrdə yüksəlməsini diqqətə çatdırıb və Azərbaycanın yaradacağı Zəngəzur dəhlizinin Avropa ilə Çin arasındakı qlobal ticarətin asanlaşdırılmasına, təchizat zəncirinin səmərəliliyinə xidmət edəcəyini, gömrük xidməti kadrlarının peşəkarlığının bu dinamikaya uyğun inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Qulu Novruzov nitqinin sonunda 2021/2022-ci tədris ilində Akademiyanın 5 tələbəsinin ŞGK beynəlxalq akademik mübadilə proqramına qəbul edilməsinə görə ŞGK-ya öz təşəkkürünü bildirib və bunun daha böyük tərəfdaşlığa doğru atılan ilk addım olduğunu vurğulayıb.
Daha sonra çıxış edən ŞGK prezidenti Konq Yuhao iki qurum arasında önəmli oxşarlıqların və ortaq maraqların olduğunu vurğulayıb. ŞGK-nın son illərdə beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması fəaliyyətlərindən bəhs edərək DGKA ilə qarşılıqlı maraq doğuran sahələrdə və yüksək keyfiyyətli resursların qarşılıqlı şəkildə paylaşılması üçün yeni əməkdaşlıq platformasının təşkil ediləcəyini qeyd edib. Çıxışının sonunda cənab Yuhao bildirib: “Min kilometrlərlə uzaqda yerləşən və oxşar amalları olanlarla düzgün olan, tək ürəkli dostluqlar qurula və bu dostluqlar qaya kimi möhkəm və səmimi ola bilər.”
Daha sonra Qulu Novruzov və Konq Yuhao DGKA və ŞGK ikitərəfli əməkdaşlıq müqaviləsini imzalayıb, qarşılıqlı fəaliyyət və əməkdaşlıqda bir-birlərinə və hər iki təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıblar.