Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında qətl baş verib. 

Goranboy rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

14:41

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Əhmədov Ziyad Ələs oğlunun qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, direktoru bıçaqlayan Mirhadi Bağırov həmin mərkəzdə mühasib işləyirmiş. O, Ziyad Əhmədovu aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayaraq qətlə yetirib.

Murad İbrahimli