ABŞ 18 oktyabr tarixli bəyanatla bağlı bəzi problemlər yarandığı üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini təsdiqləyir.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyinin “Twitter” hesabında bildirilib.
Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də yuxarıdakı açıqlama paylaşılıb.
“Anadolu” informasiya agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.
Qeyd edək ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.
Xatırladaq ki, Türkiyədə 2013-cü ildə baş verən “Gezi parkı” hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri oktyabrın 18-də birgə bəyanat imzalayıblar. Bundan sonra Ərdoğan həmin 10 ölkənin səfirlərinin “persona non qrata” elan olunmalarının mümkünlüyü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə tapşırıq verib.