“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” fərmana dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana edilən aşağıdakı dəyişikliklər edilib:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:
1.1. 1.2.1-ci yarımbəndə “demisezon gödəkcə” sözlərindən sonra “, yay gödəkcəsi, qış gödəkcəsi” sözləri əlavə edilsin;
1.2. 1.2.2-ci yarımbənddən “, kepi” sözü çıxarılsın;
1.3. 2.2.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “qalın parçadan” sözləri əlavə edilsin;
1.4. 2.3.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “nazik parçadan” sözləri əlavə edilsin;
1.5. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.1. ali rəis heyəti üçün boz qaragül xəzdən tikilir. Günlüyü və qulaqlıqları tünd mavi rəngdədir. Günlüyünün üzərinə ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 39);”;
1.6. 5.1-ci bənddə “kepi” sözü “yay papağı” sözləri ilə və “gödəkcə, hərbi nümunəli köynək” sözləri “qış gödəkcəsi, yay gödəkcəsi, qısaqol yay köynəyi” sözləri ilə əvəz edilsin;
1.7. 5.2 – 5.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“5.2. Yay papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) eyni parçadandır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-2, 48).
5.3. Qış papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) və qatlanan yan tərəfləri açıq mavi rəngdədir.
Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-1, 47).
5.4. Qış gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Qatlanan boyunluqludur (ali rəis heyəti üçün mavi rəngli), isti içliyi, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-1, 9-2, 36, 36-1).
5.5. Yay gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır.
Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-3, 9-4, 37, 37-1).”;
1.8. aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:
“5.5-1. Qısaqol yay köynəyi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-5, 9-6, 38, 38-1).”;
1.9. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“5.6. Mayka – qış üçün qalın, yay üçün nazik açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir.”;
1.10. 5.7-ci bənddə “tünd göy rəngli hərbi nümunəli” sözləri “açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin 36, 37, 38, 39, 47, 48 nömrəli şəkilləri yeni təsvirdə verilsin və həmin təsvirlərə 9-1, 9-2, 9-3, 9-4, 9-5, 9-6, 36-1, 37-1, 38-1, 43-1 və 43-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).