Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binasının qarşısında təşkil etdiyi etiraz aksiyası yekunlaşıb.
Unikal.org xəbər verir ki, partiya sədrləri yerli seçkilərin ikinci mərhələsinin nəticələri ilə razılaşmadıqlarını və ədalət uğruda mübarizəni davam etdirəcəklərini bildiriblər.
Etirazçılar qarşısında çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya noyabrın 7-də Tbilisidəki Azadlıq meydanında genişmiqyaslı aksiyanın keçiriləcəyini elan edib. O, noyabrın 2-də Batumidə də etiraz aksiyasının təşkil olunacağını deyib.
Digər müxalifət lideri, “Lelo” Partiyasının sədri Mamuka Xazaradze çıxışında deputat mandatından imtina etdiyini bildirib. O, azad Gürcüstan və gələcək nəsillər üçün qələbəyə qədər mübarizəni davam etdirəcəyini bildirib.