“Regionda təhlükəsizliyin qorunması bundan sonra daha səmərəli şəkildə təşkil ediləcək”.
Unikal.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Baş prokuror buna ehtiyacın olduğunu bildirib. Onun sözlərinə görə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq da öz əksini tapıb:
“Bu, konkret cinayət işlərində yardım, hüquqi vəsadətlərin göndərilməsi, ekstradisiya məsələlərində işlərin daha intensiv həyata keçirilməsi ilə bağlıdır. İkinci istiqamət prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının ölkələrin qarşılıqlı olaraq hüquq sisteminin öyrənilməsi, faydalı olarsa, bu təcrübələrin qarşılıqlı tətbiqi ilə bağlıdır. Ümid edirik ki, son nəticədə regionda təhlükəsizliyin qorunması daha etibarlı təmin ediləcək. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların leqallaşdırılması sahəsində birgə regional əməkdaşlığa ciddi ehtiyac var. Əsasnamədə bu məsələlər də əksini tapıb ”.