“Beynəlxalq Türk Akademiyasının qurucu üzvü Azərbaycan Respublikası 8 Noyabr - Zəfər Gününü qeyd edir. Bu əlamətdar tarix qardaş Azərbaycan xalqının ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı şanlı mücadilənin, birlik və bərabərliyin sarsılmaz təntənəsi oldu".
Unikal.org xəbər verir ki, bu, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin Zəfər Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
"Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Birləşmiş Millətlər Təşkilatının onillər boyu kağız üzərində qalan, ədalətsizliyə, hüquqsuzluğa son qoya bilməyən qətnamələrini öz gücü ilə icra etmiş oldu.
Möhtəşəm Zəfər Azərbaycanın inkişafı və çiçəklənməsinə, bölgəmizdə və regionumuzda davamlı sülhün, təhlükəsizliyin, inkişafın təmin edilməsinə, eyni zamanda bütün Türk dünyasında əməkdaşlığın yeni, daha səmərəli və maneəsiz mərhələyə qədəm qoymasına yol açdı.
Beynəlxalq Türk Akademiyası olaraq Azərbaycan Respublikasını, qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi rəhmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik.
Şanlı Zəfər Günümüz, birlik və bərabərliyimiz əbədi olsun!”, - deyə məumatda bildirilir.