“Qarabağın azad edilməsində ən böyük pay sahibi olan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm”.
Unikal.org-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında deyib.
Türkiyəli nazir bildirib ki, şanlı tariximizin ən müstəsna səhifələrinə adlarını yazdıran igidlərimizin Prezident İlham Əliyevin liderliyində həyata keçirdikləri fədakarlıq və qəhrəmanlıqlar əsla unudulmayacaq: “Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu Zəfər, sadəcə, 44 günlük mübarizənin deyil, 30 illik inancın, israrın və əzmin nəticəsində əldə edilib. Bu, sadəcə, Ermənistana qarşı qazanılmış Zəfər deyil. Bu zəfər eyni zamanda illərlə haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara qarşı ən gözəl cavab olub. Hər zaman olduğu kimi sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz can Azərbaycan, can qardaşlarımızın bu haqı mübarizəsində də yanında olduq. Millətimizlə birlikdə bütün imkanlarımızla siz can qardaşlarımıza dəstək verməyə çalışdıq. Çünki biz eyni kökdən və gövdədən bəslənən ulu bir çinarın budaqları kimiyik, böyük bir millətin övladlarıyıq. Metenin, Atillanın, Kül Tekinin, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixdə yaşananlar Azərbaycan və Türkiyə arasına əngəllər qoysa da, dini, dili, milliyyəti bir olan tarixi qardaşlıq əlaqələri, bağlarıyla bağlı olan iki ölkə insanının qəlblərinə əsla kilid vurmayıb və vurmayacaq”.