Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, eyni hal car ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.

Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.

Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.