Əlməmməd Nuriyev: “Amnistiya cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir”
Xəbər verdiyimiz kimi, 8 noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsü irəli sürülüb. Artıq Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb. Noyabrın 5-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən amnistiya aktının icrası ilə bağlı müvafiq əmr imzalanıb. Aktın icrası çərçivəsində noyabrın 6-dan başlayaraq məhkumların azad olunmasına start verilib və proses 4 ay davam edəcək. İlk gün artıq 36 məhkum azadlığa buraxılıb.
Qeyd edilib ki, bu akt Amnistiya aktları tarixində ilk dəfə ibtidai istintaqı davam edən cinayət işlərinə də aid olunub. Aktın Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800-ə yaxın məhkuma şamil olunması gözlənilir.
Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 17 min nəfərə şamil edilir, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.
Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə bu akt ən böyük amnistiya olacaq. Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən Amnistiya aktı ümumilikdə 17 mindən çox şəxsə şamil ediləcək. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Amnistiya aktı cəmiyyət tərəfindən də təqdir edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti hər zaman humanizm prinsipinə əsaslanır. Onun sözlərinə görə, 2003-ci ildən, İlham Əliyev prezidentlik fəaliyyətinə başlayandan indiyə qədər də belə sənəd imzalanıb ki, bununla da 4 min şəxs cəzadan azad edilib. Müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib: “Nəticədə 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Belə bir möhtəşəm gün ilə bağlı Amnistiya aktının gözlənilməsi təbiidir. Ötən il prezident qələbədən sonra, 2021-ci ilin mart ayında növbəti əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 500-dən çox şəxs cəzadan azad edildi və cəzaları azaldıldı”.
Ə. Nuriyev bildirir ki, Zəfər Günü ilə əlaqədar daha fərqli amnistiya aktı imzalanıb: "Mənim fikrimcə, qələbənin tarixi əhəmiyyəti nəzərə alınaraq daha fərqli amnistiya aktı imzalanıb. Amnistiya aktının əhatə dairəsi daha geniş olur".
Komissiya üzvünün sözlərinə görə, bu amnistiya aktından bəzi istisnalar olmaqla, hər kəsə bir pay düşə bilər: “Çünki, Amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da mümkündür. Bu həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini də asanlaşdıra bilər. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Nəticədə məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları pis əməllərdən çəkindirir".
Ə. Nuriyev onu da bildirir ki, Amnistiya aktlarına xüsusi ağır cinayətlər törətmiş şəxslər düşmürlər. Onun sözlərinə görə, terror əməllərinə yol verənlər, vətənə xəyanət etmiş şəxslər, müharibə cinayətlərinə yol verənlər, insanlıq əleyhinə cinayət törədənlər, narkotacirlər amnistiya aktına düşmürlər. Komissiya üzvü deyir ki, bu kriminal durumu pisləşdirə bilər.
Amnistiya aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.
Amnistiya aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.
Xatırladaq ki, ölkədə sonuncu dəfə Amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Gülayə Mecid
İstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb