Prokurorluq Goranboy rayon sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan "Unikal"a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

***

13:18

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.