Şirvanda vətəndaşlarla məxsus iribuynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub.
Hesablamalara əsasən, zərərçəkmişlərə 10 000 manatdan çox maddi ziyan dəyib.
ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.