Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycanın 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.