Bələdiyyə Məcəlləsinin qəbulu bələdiyyə fəaliyyəti, bələdiyyəçiliyin bir çox problemlərinin aradan qaldırılmasına xidmət etmiş olardı, qanunvericilik boşluqlarının aradan qaldırılması üçün əlverişli şərait yaradardı.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Bələdiyyə Məcəlləsinin qəbulu Milli Məclisin işini yüngülləşdirərdi.
"Bələdiyyə fəaliyyətinə aid olan 20 əsas qanun var. Bir qanunda hər hansı dəyişiklik olanda, onların bəzilərində uyğunlaşdırma qaydasında da dəyişikliklər edilməlidir. Bələdiyyə qanunvericiliyində olan dəyişikliklərin qeydiyyatının asanlaşdırılması üçün Bələdiyyə Məcəlləsinin qəbulu çox gözəl olardı".
Deputat qeyd edib ki, Məcəllənin qəbulu, bələdiyyələrdə olan səlahiyyətlərə yenidən baxılması üçün yaxşı imkan olardı.
"Orada əlavə səlahiyyətlər verilə bilərdi, eyni zamanda mövcud olan səlahiyyətlərə yenidən baxılardı. Onlarda olan boşluqlar aradan qaldırıla bilərdi. Təbii ki, Məcəllənin yaradılması, tərtib edilməsi müəyyən prosedurlardan keçməlidir. Çox uzun müddət tələb edir. Düşünürəm ki, bunu etmək lazımdır. Bu, həm dövlət, həm də bələdiyyələr üçün fayda verər".
Anar Kəlbiyev