“Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən söyləyib.
“Eyni zamanda, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində dəfələrlə buna rast gəlmişik. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən mərhum etdi. O vaxt səhv etmirəmsə Zelinka familiyalı çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir”, - dövlət başçısı bildirib.