Meksikada immiqrant karvanı paytaxt Mexiko şəhərinin girişini bağlayan polis qrupları ilə toqquşub.
"Unikal" xəbər verir ki, hadisə zamanı 13-ü polis olmaqla, ümumilikdə 17 nəfər yaralanıb.
Puebladan Meksikanın paytaxtı Mexikoya çatmaq üçün yola çıxan, əksəriyyəti Haiti, El Salvador və honduraslı immiqrantlardan ibarət karvan Mexiko ilə Puebla arasındakı yolda polis tərəfindən dayandırılıb. Paytaxt polisi təxminən 350 nəfərlik qrupa qarşı yolda barrikada qurub, qəzəblənən immiqrantlar polislə toqquşub.
Şahidlər polisin uşaqlar da daxil olmaqla immiqrantlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini bildirib. Miqrantların bəziləri təpik və yumruqlarla polisə hücum edib, digərləri isə daş, odun və butulka kimi əşyalar atıblar.
6 saatdan sonra miqrantlar səlahiyyətlilərlə razılaşaraq sığınacaq mərkəzinə getməyə razılaşıblar.
Qeyd edək ki, onlar şəhərdə keçirilən dini bayram tədbirlərinə qatılmaq istəyiblər. Şəhər rəhbərliyi onlara gigiyena qaydalarına riayət etməklə dini bayramda içtirak üçün avtobuslar ayırıb.
Ağarza Elçinoğlu