Dekabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya ilə Ukrayna sərhədində və Belarus ətrafında vəziyyət müzakirə olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat yayıb.
Aİ-nin 2021-ci ildəki sonuncu sammiti dekabrın 16-da Brüsseldə əyani formatda keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.
“Koronavirus bizim diqqət mərkəzimizdədir: yeni ştamlar, peyvəndlər və revaksinasiyalar, dezinformasiyaya qarşı mübarizə... Biz həmçinin enerji qiymətlərinin artımını və onların vətəndaşlarımıza və biznesimizə təsirini də nəzərdən keçirəcəyik", - deyə Mişel qeyd edib.
Aİ Şurası rəhbəri həmçinin qeyd edib ki, sammitdə Belarusdakı vəziyyəti müzakirə edəcəklər.
“Biz Rusiyanın Ukrayna ilə sərhədlər yaxınlığında hərbi birləşmələri yerləşdirməsini müzakirə edəcəyik. Ukraynaya qarşı istənilən hərbi təcavüzün böyük nəticələri və ciddi cavabları olacaq”, - deyə Mişel vurğulayıb.