"Hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya - bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı".
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq”.