Ramil Allahquliyev: “ Həmişə arzumuz olub ki, öz el-obamıza geri dönək”
İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın ilk addımları eşidilir. Zəngilan rayonunda ilk "Ağıllı kənd" layihəsinin tətbiq edildiyi Ağalı kəndi gələn ildən, sakinlərini qəbul edəcək. Artıq Zəngilanın Ağıllı kənd"i olan Ağalıya köçəcək ailələr də məlumdur. 30 ailə uzun ayrılıqdan sonra doğulduğu torpaqlara geri dönəcək. Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra "Ağıllı kənd" layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə Zəngilan rayonunun Ağalı kənd sakinlərinə biznes qurmaq üçün avadanlıqlar verəcək. Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihəyə Ağalı kəndinin artıq 30 sakini cəlb olunub. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə Ağalı kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaq.
Ramil Allahquliyev də Ağalı kəndinə qayıdacaq sakinlərdən biridir. Uzun illər avtomobil ustası işləyən R. Allahquliyev nəhayət ki, sevdiyi peşəni öz doğma yurdunda, Zəngilanda davam etdirəcək. Ağalı kəndini 18 yaşında tərk edən R. Allahquliyev hələ Zəngilanda olarkən qardaşına avtomobil təmirinə kömək edirmiş. Onun sözlərinə görə, məcburi köçkün düşdükdən sonra ailəsi ilə birgə Bakıya gəlib. Burada öz peşəsini davam etdirir. İndi R. Allahquliyev qardaşı ilə birgə böyük bir avtotəmir sexini işlədir. Hazırda avtomobil təmirindən yaxşı gəlir əldə etdiyini söyləyən Ağalı sakini, öz kəndinə qayıtmağa hazırlaşır. Onun sözlərinə görə, burada qazancı yaxşı olsa da, işini öz ata-baba torpağında davam etdirmək istəyir: "Biz onsuz da burada müvəqqəti yaşayırdıq. Həmişə arzumuz olub ki, öz el-obamıza geri dönək. Bu arzumuz çin olub. Torpaqlarımız işğaldan azad olub. Artıq köç üstəyik. Torpaqsız yaşamaq olmur. Burada nə qədər qazansaq da, kəndimizdə yavan çörək hər şeydən üstündür".
R. Allahquliyev deyir ki, dövlətin dəstəyi ilə Ağalı kəndində avtoservisdə fəaliyyətini davam etdirəcək. Artıq o, bunun üçün təlimlərdə iştirak edib, avadanlıqlardan istifadə ilə bağlı bilgilər əldə edib: "Biz Bakıya gələndə də hər şeyi özümüz üçün 0-dan qurub yaratdıq. Düzdür, Ağalıya qayıtdıqdan sonra ola bilər ki, burada olduğu qədər müştərimiz, qazancımız olmasın, amma o torpaqlara biz qayıtmalıyıq. İnanıram ki, bütün sakinlər Zəngilana köçdükdən sonra güzəranımız daha yaxşı olacaq".
R. Allahquliyevin sözlərinə görə, Ağalı kənd sakinləri ilə birgə “Ağıllı kənd”də aparılan işlərlə tanış olub. 29 ildən sonra doğulduğu torpağa qovuşmağın sevincini sözlə ifadə edə bilməyən həmsöhbətimiz evlərindən uçuq divarların qaldığını söyləyir.
Ailədə 6 qardaş 3 bacı olan Allahquliyevlər Ağalıya köç üçün bütün hazırlıqları görüblər. R. Allahquliyev deyir ki, övladları ali təhsil aldığından Bakıda qalmalı olsalar da, o həyat yoldaşı ilə Ağalıya köçəcək. Bu dəfə Ağalı kənd sakinləri doğma kəndlərinə "Ağıllı kənd" sakinləri olaraq geri qayıdacaqlar.
Qeyd edək ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qarabağa köç prosesinə gələn ilin əvvəllərindən start veriləcək. Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kəndin” inşası tamamlanmaq üzrədir. 29 illik həsrətdən sonra zəngilanlılar öz ata-baba yurdlarına qovuşacaqlar. Bununla da artıq işğaldan azad olmuş torpaqlarımıza yeni nəfəs gələcək. Uzun illər yağı tapdağı altında qalan torpaqlarımız öz sakinlərinin gəlişi ilə yenidən qurularaq, abad diyara çevriləcək.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri təkcə Zəngilanda deyil, Ağdam, Cəbrayıl, Füzuli, Şuşada da davam etdirilir. Yeni yaradılan iqtisadi zonalar region üçün əhəmiyyətli iqtisadi bölgəyə çevrilməkdədir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni inşa olunan hava limanları tezliklə Azərbaycanın dilbər guşəsi olan Qarabağ iqtisadi zonasının region üçün strateji bir məkana çevirəcəyindən xəbər verir.
Gülayə Mecid
İstiqamət: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.