“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”na dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə Dövlət Gömrük Komitəsi onun “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edəcək. İndiyə qədər bu hüquq yalnız hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud vəfat etdikdə ləğv olunurdu.
Bundan başqa, Qaydalara edilmiş əlavəyə görə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra (bu Qaydada nəzərdə tutulan halda məhkumluq ödənildikdən və yaxud götürüldükdən sonra) yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.