Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə mətbuat vasitəsi ilə təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Ali Baş Komandan! Sizin ömrünüzün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçib. Sizin Azərbaycan üçün etdiklərinizi saymaqla qurtarmaq mümkün deyil. Azərbaycan dövlətinin qüdrətli, qalib ölkə, Azərbaycan xalqının qalib xalq olması Sizin şah əsərinizdir. Siz hakimiyyətinizin ilk dövrü xalqın iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində sosial proqramların həyata keçirilməsi ilə başladınız.
Cənab Prezident! Bu, sizin vətəndaşlarımıza, xalqımıza verdiyiniz önəmin baris göstəricisidir. Regionların sosial-iqtisadi inkişafı, ölkə iqtisadiyyatının inkişafı, ordunun dünyanın müasir ordularından birinə çevrilməsi Sizin ilk vaxtlardan həyata keçirməyə başladığınız işlər sırasındadır. Qeyd edim ki, ölkədə yeni neft-qaz layihələrinin işə salınması Azərbaycanın dünyada mövqelərini bir qədər də gücləndirdi. Ölkəmizin valyuta ehtiyatları, büdcəsi ilbəil artmaqdadır. Sizin sayənizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində işlər görülmüşdür. Ölkəmizin qanunvericilik bazasında çox mühüm dəyişikliklər, yeniliklər həyata keçirilmişdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəltməsinə nail oldunuz. Bu günədək Azərbaycanın dünya birliyində layiqli yer tutması üçün misilsiz işlər həyata keçirmisiniz. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına Azərbaycanın sədrlik eləməsinə nail olmusunuz. Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməsindəki rolunuz əvəzsizdir. Qarabağ məsələsinin ədalətli həll olunmasında, torpaqlarımızın azad olunmasında Sizin fəaliyyətinizin bir nömrəli məsələlərindəndir. Bütün saydığımız və digər çoxsaylı istiqamətlərdə mükəmməl fəaliyyətiniz 2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsi, qələbəsi ilə nəticələndi.
Cənab Prezident! Ordumuzla birlikdə Azərbaycan dövlətini və xalqını 21-ci əsrin qalib dövləti və xalqı etməyi bacardınız. Müharibə bitdikdən sonra isə diplomatik sahədə düz bir ildir ki, vuruşursunuz. Bu istiqamətdə qələbələrə imza atırsınız. Mən əminəm ki, Siz xarici təhdid və təzyiqlərə baxmayaraq, bu şərəfli yolunuzda daim iri addımlarla addımlayacaqsınız. Regionda daimi sülhə mane olmaq istəyənlərin layiqincə öhdəsindən gələcəksiniz. Unutmayın ki, Azərbaycan xalqı daim Sizinlədir. Siz Qalib Xalqın, Qalib Sərkərdəsisiniz! Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət diləyirəm! Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!