Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal"ın məlumatına görə, mətndə deyilir:
"Zati-aliləri cənab Prezident,
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.
Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm.
Sizin dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə yönəldilmiş fəaliyyətiniz nəticəsində Azərbaycanın nüfuzunun daha da artması və qazanılan bütün nailiyyətlər türk dünyasında böyük sevinclə qarşılanır.
Əminəm ki, Sizin yüksək dövləti vəzifədə çoxşaxəli fəaliyyətiniz dərin tarixi köklərə malik türkdilli ölkələr arasında dostluğun və əməkdaşlıq münasibətlərinin hərtərəfli dərinləşməsinə töhfəsini verməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək, TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətə və yaradılmış şəraitə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Böyük etimad hissi ilə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavan həyat arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".