Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “PREZİDENT. Təkrarsız diplomatiya” adlı sənədli film hazırlanıb. Filmdə dünya liderlərinin dövlət başçısı barədə açıqlamaları yer alıb.
"Unikal" xəbər verir ki, filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevi təbrik edib və onun barəsində fikirlərini bölüşüb:
“İlham qardaşımın Baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdıraraq, haqlı mübarizəsində tarixi bir zəfər qazandı. Vətən Müharibəsi dövründə müxtəlif təxribatlara rəğmən, İlham qardaşım qətiyyətli liderlik sərgiləyərək, zəfərin baş memarı olub. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı, bu qüruru və sevinci Türkiyə və Azərbaycanda bizim hamımıza yaşatdı. Bu münasibətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevi və qəhrəman Azərbayxan xalqını bir daha təbrik edirəm.
Ümumilli lider Heydər Əliyev dövründə başlayan və İlham qardaşımın dövründə davam edən inkişafla Azərbaycan bir cəlbedici mərkəzə çevrildi. Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il kimi qısa müddətdə Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış məskənlərində böyük layihələr sürətlə həyata keçirildi.
Qarabağın azad edilməsində olduğu kimi, yenidən bərpa olunması prosesində də Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və hər zaman azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə addımlamağa davam edəcəyik. İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etməsində böyük səylər göstərib. Ölkələrimiz arasındakı qardaşlığın zirvədə olmasında İlham qardaşımın səmimiyyətinin payı böyükdür. Ümumilli liderin bizlərə miras qoyduğu “bir millət, iki dövlət” şüarını İlham qardaşımla birlikdə daha irəlilərə aparmaqda qərarlıyıq”, - deyə Ərdoğan söyləyib.
Türkiyə Prezidenti bununla yanaşı, Azərbaycanın qardaş Türkiyəyə çətin anlarında etdiyi köməkdən də danışıb.
O bildirib ki, iki ölkə arasında bu il imzalanan Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə çatıb.