Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə Şurasının üzvü şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.
Dərin hörmətlə dünyanın hər yerindən ünvanınıza gələn təbriklərə qoşulur, Rusiya müsəlmanlarının salamlarını və ürək sözlərini Sizə çatdırırıq.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası və ölkənizin qardaş ümməti ən çətin sınaqlardan ləyaqətlə keçib. Dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqın, bütün cəmiyyətin böyük vətənpərvərliyini məmnunluq hissi ilə qeyd edirik. Azərbaycan daim zamanın bütün çağırışlarının öhdəsindən gələn vahid, monolit cəmiyyətə malik multikultural ölkə olub, bu gün də belədir.
Əminik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bundan sonra da iqtisadi inkişafını, beynəlxalq siyasi statusunu, bütün cəmiyyət üçün faydalı olan konfessiyalararası dialoqu ardıcıl surətdə inkişaf etdirəcək. Uca Yaradan belə xeyirxah əməllərinizdə Sizə qüvvət və xeyir-dua versin!
Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!".
***
16:09
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Əziz İlham Heydər oğlu,
Sizi əlamətdar yubileyiniz münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Sizin Vətənə konkret işlərlə fədakarcasına xidmətiniz göstərir ki, həyatınız və fəaliyyətiniz doğma Azərbaycanın həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə inkişaf yolunda, bu narahat dünyada öz yerini təsdiqləmək yolunda qətiyyətli addımlar atır.
Siz öz dahi atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli varisi, onun müdrik siyasətinin və işlərinin davamçısı kimi əsası onun tərəfindən qoyulmuş dövlət idarəçiliyinin ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz və buna görə, heç şübhəsiz, öz həmvətənləriniz arasında səmimi hörmət, beynəlxalq aləmdə mükəmməl, yetərincə təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimi kimi yüksək nüfuz qazanmısınız. Əminəm ki, Heydər Əliyev bu gün belə bir oğula görə şübhəsiz fəxr edərdi. Onun irsi Sizin bugünkü Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllinə yönəlmiş qəhrəmancasına səylərin etibarlı təməlidir.
Ölkələrimiz və xalqlarımız arasında qardaşcasına dostluq, tərəfdaşlıq əlaqələrinin və çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına və dərinləşməsinə Sizin çox böyük töhfənizi də qeyd etməliyəm. Əminəm ki, son nəticədə bunlar hökmən bizə firavanlıq və sabitlik gətirəcək. Sizin kimi mən də buna böyük əhəmiyyət verirəm və strateji əməkdaşlığımızın daha da inkişaf etməsi üçün Sizinlə bərabər səy göstərməyə hazıram. Bizim sıx şəxsi dostluq münasibətlərimizi, aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı səmimi-qəlbdən yüksək qiymətləndirirəm. Bütün görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram və gələcəkdə bu görüşləri davam etdirməyə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə, möhkəm, səmimi ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına ürəkdən cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar, sülh və tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm”.
***
12:16
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi 60 illik yubileyiniz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.
Altmış illik şərəfli həyat yolunuzun böyük bir hissəsini qardaş Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının daha da çiçəklənməsi və inkişafına həsr etmisiniz. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan Respublikası sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq münasibətlərdə sanballı uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.
44 günlük Vətən müharibəsində qazandığınız böyük Zəfərlə Azərbaycanın yüksəlişi yolunda ən böyük maneəni aradan qaldırdınız, ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoyaraq dünya barışına əhəmiyyətli töhfə verdiniz. İllər boyu bütün istiqamətlərdə böyük incəliklə formalaşdırdığınız və həyata keçirdiyiniz siyasəti 60 illik yubileyiniz ərəfəsində böyük Zəfərlə taclandırdınız, qazandığınız misilsiz uğurlarla bütün türk xalqlarının qəlblərinin fatehi oldunuz, adınızı türk dünyasının tarixinə qızıl hərflərlə yazdırdınız. İnanıram ki, Sizin əvəzsiz xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.
Sizin türk əməkdaşlıq təşkilatlarına, xüsusilə Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə yüksək dəstəyinizi hər zaman hiss edir və dərin minnətdarlıqla qarşılayırıq. Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz böyük şəxsiyyətinizə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzunuza, türk birliyinə mühüm töhfənizə, misilsiz xidmətlərinizə xalqlarımızın və dövlətlərimizin verdiyi yüksək dəyərin ifadəsi oldu.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək 60 illik yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və rifah diləyirəm".