“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq. Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib”.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında razılaşma üçün şəxsən çox səy göstərib: "Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.
Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində - bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:
“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.
İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib: “Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.