Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Aqil Abbas tələbələrin Qarabağda görülən tikinti işlərində çalışmalı olduqlarını bildirib. Millət vəkili həmin tələbələrin maaş istəməyəcəklərini qeyd edib.
Bununla bağlı "Unikal"a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı tələbənin işinin oxumaq və öz ixtisasını inkişaf etdirmək olduğunu bildirib:
"Belə təkliflər kommunist düşüncəsinin məhsuludur. Tələbənin işi gedib tikintidə işləmək deyil. Əlbəttə ki, Vətənə, millətə lazım gələrsə, bizim fədakar insanlar hər şeyə hazırdırlar.
Milli Məclisdən peşəkar və üzərində çalışılmış təkliflər verilsə, daha məqsədəuyğun olar. Bu, olduqca uyğunsuz bir təklifdir. Kiminsə belə bir təklifi varsa, şəxsi nümunə göstərərək övladlarından və nəvələrindən göndərə bilərlər.
Tələbələrin pandemiya dövründə universitetə getmədikləri günlərin təhsil haqqının da tələb olunduğu bir dövrdə onlara heç bir imtiyaz vermədən belə bir şey tələb etmək uyğun deyil. Aqil bəyin oğlu var, polis orqanlarında işləyir. Səhv etmirəmsə, 40 günlük məzuniyyəti var. O, getsin, Qarabağda işləyib nümunə göstərsin, digər tələbələr də, bəlkə, bu nümunəyə baxıb addım atarlar".
Qeyd edək ki, deputat Aqil Abbasın oğlu Tuncay Abbasov Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisidir.
Murad İbrahimli